Patrisiya Skotland: Azərbaycanın “ağıllı şəhər” yanaşması artan qlobal çağırışlara cavab verir
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal mənzil və şəhər inkişafı məsələlərinin praktik həllər müstəvisində müzakirəsi üçün mühüm platformadır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patricia Scotland bildirib.
Patricia Scotland qeyd edib ki, hazırda dünyada mənzil sahəsində ciddi çağırışlar mövcuddur və bu məsələnin dövlət siyasətlərinin mərkəzində dayanması vacibdir. Onun sözlərinə görə, əsas məsələ qəbul edilən siyasətlərin real nəticələr verən və tətbiq oluna bilən dəyişikliklərə çevrilməsidir.
Patricia Scotland forum çərçivəsində aparılan müzakirələrdə əməkdaşlıq, kompleks yanaşma və birgə fəaliyyətin ön plana çıxdığını vurğulayıb: “Aydın mesaj ondan ibarət idi ki, bu proses multidisiplinar, transformativ və bütün tərəfləri əhatə edən yanaşma tələb edir. Ən vacibi isə odur ki, məqsəd sadəcə müzakirə aparmaq deyil, fəaliyyət göstərməkdir”.
Azərbaycanın həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə toxunan Patricia Scotland bu təcrübənin beynəlxalq səviyyədə də dəyərli ola biləcəyini qeyd edib. Bildirib ki, maliyyə imkanlarının məhdudlaşdığı, ehtiyacların isə artdığı şəraitdə daha səmərəli və texnologiyaya əsaslanan həllər xüsusi əhəmiyyət daşıyır.
“Biz daha ağıllı qərarlar verməli, resurslardan daha səmərəli istifadə etməli və nəticələri yaxşılaşdırmalıyıq. Bu baxımdan, “ağıllı şəhər” və ağıllı texnologiyalar çox vacibdir. Azərbaycanın bu istiqamətdə topladığı təcrübənin paylaşılması faydalı ola bilər”, – deyə o vurğulayıb.
Patricia Scotland, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesinə münasibət bildirərək, bu prosesdə tərəfdaşlıq və birgə fəaliyyətin vacibliyini də xüsusi qeyd edib.