Susil Ranasinghe: Qlobal böhran mənzil bərpası və yaşayış xərclərinə ciddi təsir göstərir
Bakı, 21 may, AZƏRTAC
Qlobal böhranlar və qiymət artımları bir çox ölkələrdə əhalinin yaşayış səviyyəsinə, mənzil bərpasına və sosial rifaha ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şri-Lankanın Mənzil, Tikinti və Su Təchizatı naziri Susil Ranasinghe Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, böhran nəticəsində dövlətlərin vergi gəlirlərinin azalması və həssas əhali qruplarına dəstək üçün fiskal ehtiyacların artması müşahidə olunur.
“Şri-Lanka rupisi ABŞ dollarına nisbətdə təxminən 5,6 faiz dəyər itirib. Bu isə əhalinin gündəlik yaşayış xərclərinə ciddi təsir göstərir. Təbii fəlakətlərin və qlobal qiymət artımlarının birgə təsiri əhalinin əsas ehtiyaclarını qarşılamaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib".
Nazir qeyd edib ki, tikinti materiallarının qiymətlərində də ciddi artım müşahidə olunur.
Müxbir - Səbinə Əlizadə