Sadegh Sadeghpour: Münaqişələr yaşayış məntəqələrinin sosial və iqtisadi strukturuna ciddi təsir göstərir
Bakı, 21 may, AZƏRTAC
Münaqişələrin yaratdığı dağıntılar yaşayış məntəqələrinin yalnız fiziki infrastrukturuna deyil, həm də sosial və iqtisadi sistemlərinə ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İranın Yollar və Şəhərsalma Nazirinin müşaviri, Milli Habitat Komitəsinin katibi Sadegh Sadeghpour Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə çıxışında deyib.
O bildirib ki, sabitliyin qorunması üçün fövqəladə və müvəqqəti sığınacaqların sürətlə təmin olunması istiqamətində operativ addımlar atılıb. Müharibə şəraitində belə maliyyə yardımlarının strukturlaşdırılmış, şəffaf və onlayn mexanizmlərlə həyata keçirilməsi böhranın idarə olunmasında koordinasiyanı gücləndirib və yenidənqurma prosesinin ilkin mərhələsinin başlanmasına şərait yaradıb.
“Ən ciddi nəticələrdən biri genişmiqyaslı məcburi köçdürülmə oldu. Evlərini, əmlakını və sosial dəstək şəbəkələrini itirən ailələr digər şəhər və regionlara köçməyə məcbur qaldılar. Bu köç prosesləri demoqrafik strukturun dəyişməsinə, şəhər infrastrukturuna, ictimai xidmətlərə və əmək bazarına əlavə təzyiqlərin yaranmasına səbəb olub. Münaqişədən təsirlənmiş ərazilərdə işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Yerli iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznes subyektlərinin bir çoxu fəaliyyətini dayandırıb”, – deyə müşavir əlavə edib.
Müxbir - Səbinə Əlizadə