Muslim Qazimi: 2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək
Bakı, 21 may, AZƏRTAC
2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək və bu halda münasib qiymətə mənzil təminatına, şəhərlərin dözümlülüyünə (dayanıqlılığına), həmçinin irs sahələrinin və mədəni irs obyektlərinin qorunmasına böyük tələbat yaranacaq.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "İraqın Ərbil şəhəri üçün İnteqrasiya olunmuş İrs və Əlverişli Mənzil Çərçivəsi 2050" mövzusunda keçirilən sessiyada BMT-nin Məskunlaşma Proqramının İraq üzrə rəhbəri Muslim Qazimi deyib.
Onun sözlərinə görə, İraqda çoxlu sayda tarixi məkanlarla qarşılaşmaq mümkündür: “Məhz buna görə də İraq irs sahələrinin, eləcə də mədəniyyətinin qorunması və mühafizə edilməsinə olduqca həssas yanaşır : "Bu dəfə hədəf seçdiyimiz Ərbil şəhərinə gəldikdə isə bura həm də unikal bir şəhərdir. Çünki bura həm də YUNESKO-nun qeydiyyatına alınmış irs sahəsidir və burada mühafizə işlərinin aparılması tələb olunur. Çünki Ərbil qalası əslində şəhərləşmənin genişlənməsi və eləcə də mənzil təminatı səbəbindən böyük bir təzyiqlə üz-üzədir. Bu baxımdan biz irsin qorunması ilə mənzil təminatının münasib qiymətdə olması arasında bir balans yaratmağa çalışırıq. Bu istiqamətdə biz, JICA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) tərəfdaşlarımızla birlikdə bu layihəni Ərbilin 2050-ci il üçün Baş Planına uyğunlaşdırmaq və irs sahələrinin mükəmməl şəkildə qorunmasını təmin etmək üçün əlimizdən gələni etməyə çalışırıq".
Muslim Qazimi qeyd edib ki, layihə çərçivəsində iki əsas iqtisamət işləniləcək: "Bunlardan biri qalanın (Citadel) canlandırılmasıdır – buna bəzi irs ərazilərinin yerləşdiyi "bufer zona" deyilir ki, burada da mövcud olan evlərin qorunub saxlanılmasını təmin etmək lazımdır. Digər tərəfdən isə biz münasib qiymətə mənzil təminatı ilə bağlı başqa varianta baxacağıq və burada mənzil təminatının necə görünməli olduğunu nümayiş etdirmək üçün bəzi münasib qiymətli mənzil layihələrini sınaqdan keçirəcəyik. Və bu, sadəcə bir planlaşdırma deyil; bu, həm də tətbiq edilə və miqyaslandırıla bilən həllərin təqdim olunması ilə bağlıdır. Gözləyirik ki, uğurlu icradan sonra bu layihə həm İraqda, həm də bu cür irs sahələrinin olduğu digər ərazilərdə bir nümunə olacaq”.
Müxbir Nailə Həsənova