ÜST rəsmisi: Mənzil yalnız fiziki məkan deyil, sağlamlıq faktorudur
Bakı, 21 may, AZƏRTAC
Yaş, cins, etnik mənsubiyyət, əlillik kimi sosial-demoqrafik amillər, eləcə də sərvət, gəlir və imkanlar kimi iqtisadi amillər insanların mənzil baxımından nəyə gücünün çatacağını müəyyən edən əsas faktorlar sırasındadır. Bu isə həm mənzilin növünə və keyfiyyətinə, həm də isitmə, su və texniki xidmət kimi xərclərə təsir edir. Bir addım da irəli getsək, bu amillər mənzilin konkret xüsusiyyətlərini formalaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Natali Roebbel Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoqda” çıxışı zamanı deyib.
"Burada bir məqama diqqət çəkmək istəyirəm: biz mənzil dedikdə yalnız başımızın üzərindəki damı nəzərdə tutmuruq. Mənzil, əslində, tikili mühit, daxili məkan və insanların yaşadığı ətraf mühit deməkdir. Yəni bu anlayış şəhər, məhəllə və ümumi yaşayış konteksti ilə sıx bağlıdır. Digər vacib məqam isə odur ki, mənzil yalnız fiziki məkan deyil, həm də orada yaşayan insanlarla bağlıdır. Bu, bütün bu amillərin qarşılıqlı təsiri nəticəsində formalaşan bir sistemdir. Əlçatanlıq, istilik izolyasiyası, enerji təminatı və yaşayış sahəsi kimi xüsusiyyətlər sağlamlıq üçün risk faktorlarına çevrilə və insanlara birbaşa təsir göstərə bilər.
Burada yenə qeyd etmək istəyirəm ki, sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq nəzərdə tutulmur. Mənzil şəraiti insanların psixoloji sağlamlığına da ciddi təsir göstərir. Bu amillər yalnız sağlamlığa deyil, eyni zamanda, təhsil nəticələrinə, iqtisadi məhsuldarlığa və sosial bərabərliyə də təsir edir".