Fərid Cəfərov: Mədəni irsin qorunması ümumbəşəri humanitar məsuliyyətdir
Bakı, 21 may, AZƏRTAC
Mədəni irsin qorunması təkcə mədəni məsələ deyil, həm də ümumbəşəri humanitar məsuliyyətdir və davamlı inkişafla sabitliyin əsas sütunlarından biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa proqramına start verilib. O cümlədən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura dönüş həyata keçirilir.
"Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrilib. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu inşa olunur. Tarixi məscid və abidələr bərpa edilir, mədəni həyat isə yenidən canlanır", - deyə nazir müavini qeyd edib.