İsmayıllı rayonunda Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilir
İsmayıllı, 10 yanvar, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir qrup Vətən müharibəsi qazisi evlərində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Hacıhətəmli, Qalagah, İvanovka kəndlərində, habelə İsmayıllı şəhərində yaşayan qazilərlə görüşüb, onların döyüş yolu ilə bağlı xatirələrini dinləyib, qayğıları ilə maraqlanıblar.
Əvvəlcə Hacıhətəmli kəndində Türk şəhidliyi ziyarət olunub, şəhidlərin məzarların üstünə qərənfillər düzüblər.
Vətən müharibəsində cəbhədə ifa etdiyi “İsmayıllı” mahnısı ilə ismayıllıların qəlbini fəth edən Qalagah kənd sakini, döyüşçü Nurlan Həsənli ilə görüş maraqlı keçib.
Görüşlərdə qazilər şanlı Qələbəyə aparan zəfər yolu ilə bağlı xoş xatirələrindən danışıblar. Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın orduya dəstəyi daim onları Qələbəyə ruhlandırıb. Qazilər hər dəfə İsmayıllıdan gələn yardım karvanından çox qürurlandıqlarını vurğulayıblar.
Tədbirdə qazilərin qayğıları ilə maraqlanılıb, onların, eləcə də Vətən müharibəsi iştirakçılarının daim ölkə rəhbərinin, dövlətimizin qayğısını öz üzərlərində hiss edəcəkləri bildirilib.
Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, belə tədbirlərin təşkilinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.