İSRAİLİN NÜVƏ PROQRAMI HEÇ DƏ AZ TƏHLÜKƏLİ DEYİL
A.Gül bunu hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə görüşündə bəyan etmişdir. Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir: “İsrail deyir ki, nüvə proqramına malik deyil, lakin xaricdə hamı bilir ki, əslində, hər şey tamam başqa cürdür. Deyilənə görə, İsrail nüvə proqramını 25-30 il əvvəl işləyib hazırlamışdır”. Nazir vurğulamışdır ki, “regionda nüvə silahının olması bizim üçün təhlükəlidir. Bütün ölkələr nüvə tərk-silahı proqramına riayət etməli və BMT tərəfindən nəzarət üçün açıq olmalıdırlar”.
Türkiyə əvvəllər İranın nüvə proqramını həyata keçirməsi ilə bağlı dəfələrlə narazılığını bildirmiş və bu ölkəni atomdan dinc məqsədlərlə istifadə olunmasına dair beynəlxalq normalara riayət etməyə çağırmışdır. O, qonşu ölkəyə qarşı mümkün hərbi əməliyyatın beynəlxalq ictimaiyyət üçün mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq etmişdir. Türkiyə XİN-in başçısı Si-En-En-Türk telekanalına müsahibəsində demişdir: “Biz İran probleminin dinc vasitələrlə həllinə tərəfdarıq və bu prosesə bacardığımız töhfəni verməyə hazırıq”.
Xatırladaq ki, ötən həftə Böyük Britaniyanın xarici işlər naziri Cək Stro bildirmişdir ki, beynəlxalq birlik İrandan sonra İsrailin nüvə silahını yayması təhlükəsinin aradan qaldırılması ilə məşğul olacaqdır. Onun fikrincə, bu, nüvə təhlükəsindən azad Yaxın Şərq konsepsiyasına uyğundur. İsrail nüvə silahına malik olduğunu heç vaxt rəsmən etiraf etməsə də, bunu inkar da etməmişdir.