İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi açılıb
İstanbul, 15 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.
Yanvarın 17-dək davam edəcək sərginin açılışında konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Sərgi barədə məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, tədbiri keçirməkdə məqsəd ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olan 20 Yanvar faciəsi haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmaqdır.
Sərgiyə baxan İstanbul sakinləri müstəqillik uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildirdilər.
Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi "Yenikapı" sərnişinlərin ən çox istifadə etdikləri stansiyadır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul