İQTİSADİYYAT
İstanbulda keçirilən Türk Ticarət Sərgisini üç mindən çox iş adamı ziyarət edib
İstanbul, 11 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda ilk dəfə keçirilən Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) başa çatıb. Sərgidə ölkəmizin investisiya və ticarət imkanları Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən geniş ictimaiyyətə çatdırılıb. Sərgi Türkiyənin Ticarət Nazirliyinin himayəsində “ROK Beynəlxalq Konsaltinq” şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının (TDT) Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılıb.
Sərgidə ölkəmizin iştirakı ilə bağlı AZƏRTAC-a məlumat verən nümayəndəliyin rəhbəri Tamerlan Tağıyev iştirakçılar, o cümlədən TDT-yə üzv ölkələr tərəfindən Azərbaycanın yatırım və ticarət potensialına böyük marağın olduğunu bildirib.
“Sərgi müddətində tərəfimizdən iştirakçılara Azərbaycanın yeni investisiya imkanları haqqında geniş məlumat verilib. Bura həm sənaye parkları, həm də azad ticarət zonası daxildir. İştirakçıları, həmçinin azad edilmiş ərazilərimizdə, Qarabağdakı mövcud güzəşt və imkanlarla bağlı məlumatlandırdıq. Xüsusən də, Qarabağda fəaliyyət göstərən şirkətlər üçün güzəştli kreditlər, layihələrdə dövlət iştirakı və digər imkanlar barədə ətraflı məlumat verildi”, - deyə Tamerlan Tağıyev qeyd edib.
Azərbaycanın eyni zamanda mühüm regional nəqliyyat dəhlizlərinin mərkəzində yerləşdiyinə vurğu edən Tamerlan Tağıyev bu amilin Türk dünyası üçün əhəmiyyətini xüsusi qeyd edib.
Sərginin yekunları barədə danışan təşkilatçı, ROK-un rəhbəri Aygün Əliyeva sərginin hər il müntəzəm olaraq türk dövlətində təşkil ediləcəyini deyib: “Qarşıdan gələn ilin bahar aylarında Azərbaycanda, payızda isə Türkiyədə keçirməyi nəzərdə tutduğumuz Türk Ticarət Sərgisinin əsas məqsədi türkdilli dövlətlər arasında ticarət, sənaye, sərmayələr, texnologiya, xidmətlər və digər iqtisadi sahələri inkişaf etdirmək, gücləndirməkdir. Sərgidə türk dövlətləri, yəni Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətində 100-ə yaxın şirkət iştirak edib. Bununla yanaşı tədbirə Avropa və Afrikanın bir çox ölkəsindən, Pakistan, Əfqanıstan, İraq, Malayziya, İndoneziya, Makedoniya, Gürcüstan və digər ölkələrdən 3000-dən çox iş adamı ziyarətçi kimi qatılıb. Bütün bunları nəzərə alaraq ilk tədbirimizin çox məhsuldar keçdiyini düşünürəm”, - deyə Aygün Əliyeva bildirib.
Qeyd edək ki, türk dövlətlərinin iş adamlarının bir araya gəlməsi ilə əhəmiyyətli körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyən sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilib.