İSTANBULDA KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏR ÜZRƏ BEYNƏLXALQ TƏDBİR KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, konfransda kiçik və orta müəssisələrin təşviqinə, informasiya və kommunikasiya texnologiyalarını mənimsəməsinə dəstək göstərilməsi məsələləri müzakirə olunmuşdur.
80-dən çox ölkənin müvafiq qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının iştirak etdikləri tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil etmişlər.
Konfrans çərçivəsində ”Kiçik və orta müəssisələr: innovasiya, informasiya və kommunikasiya texnologiyaları” mövzusunda biznes-simpozium da keçirilmişdir. Burada qəbul edilmiş qərarlar tövsiyə şəklində Nazirlər Konfransına təqdim olunmuşdur.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri S. Vəliyev “Kiçik və orta müəssisələr və yoxsulluğun azaldılması” mövzusunda çıxış etmişdir.
Nazirlər Konfransının yekunları barədə İstanbul Bəyannaməsi qəbul edilmişdir.