İstanbulda Səid Ünsizadənin məzarı önünə qoyulan məlumat lövhəsinin açılışı olub
İstanbul, 26 may, AZƏRTAC
Mayın 26-da İstanbulun Fatih məscidinin ərazisində dəfn edilən Hacı Səid Ünsizadənin məzarı önünə qoyulan məlumat lövhəsinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, məlumat lövhəsi ölkəmizin İstanbuldakı baş konsulluğunun dəstəyi ilə hazırlanıb.
Azərbaycan mətbuatının formalaşmasında özünəməxsus rolu olan Hacı Səid Ünsizadə mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərib, nəşr etdirdiyi mətbuat nümunələri ilə jurnalistikamıza əvəzsiz xidmətlər göstərib. Azərbaycanın ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzeti bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəlir. Milli mətbuatda yaranan bu boşluğu “Əkinçi”nin bağlanmasından iki il sonra Hacı Səid Ünsizadənin “Ziya” qəzeti doldurur. XIX əsrin sonlarında Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin “Əkinçi”sindən sonra “Ziya” qəzeti də öz möhürünü vurur.
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları, KİV nümayəndələri, qardaş ölkədə yaşayan həmvətənlərimiz tədbirdə iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul