İstanbuldakı Yıldız Texnik Universitetində “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib
İstanbul, 26 fevral, AZƏRTAC
İstanbulda fəaliyyət göstərən Yıldız Texnik Universitetində “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tələbə Saniyə Üstünün aparıcılığı ilə keçirilən tədbirdə universitetin professor və müəllim heyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Adil Allahverdiyev, tələbələr Elmin Yusifov, Sənəm Kərimova, Özləm Subaşın və Yavər Novruzlu Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Erməni cəlladlarının Azərbaycan xalqının başına gətirdikləri bu faciə insanlıq əleyhinə cinayət kimi dəyərləndirilib. Çıxışçılar dəfələrlə ifadə ediblər ki, Xocalı soyqırımını törədənlər də, onların bu cinayətinə göz yumanlar da, zaman-zaman ermənilərdən insanlıq əleyhinə cinayətlər üçün istifadə edənlər də eyni günahın sahibidirlər və eyni məsuliyyət daşıyırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul