İSTEDADLI VƏ BƏNZƏRSİZ SƏHNƏ USTASININ XATİRƏSİ YAD EDİLMİŞDİR
İyunun 23-də görkəmli səhnə ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Hökumə Qurbanovanın anadan olmasının 90 illiyi münasibətilə Teatr Xadimləri İttifaqında xatirə gecəsi keçirilmişdir. İttifaqdan AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə Teart Xadimləri İttifaqının birinci katibi, xalq artistləri Azər Paşa Nemətov, teatrşünas Məryəm Əlizadə, xalq artisləri Məhluqə Sadıqova, Fuad Poladov, Ağakişi Kazımov, Əminə Yusifqızı, Muxtar Avşarov, Mərahim Fərzəlibəyov, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov, rejissor Bəhram Osmanov və başqaları çıxış edərək, öz yaradıcılığında Azərbaycan professional teatrının milli özünəxaslığının ənənələrini dünya səhnə sənəti ilə bacarıqla əlaqələndirilmiş Hökumə Qurbanovanın çoxcəhətli istedadından, fəaliyyətindəki yüksək vətəndaşlıq pafosundan danışmış, bənzərsiz aktrisa ilə bağlı unudulmaz xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, Hökumə Qurdanovanın yaradıcılıq bioqrafiyası Milli Dram Teatrı ilə möhkəm bağlanmış, o, yarım əsrdən çox ilhamla və yorulmadan teatr sənətinə fədakarcasına xidmət göstərmiş, Azərbaycan klassiklərinin və xarici ölkə dramaturqlarının əsərlərində bir çox mükəmməl səhnə obrazları yaratmışdır. Onun ifa etdiyi rollar dərin mənalılığı, böyük emosionallığı, ideya mövqelərinin aydınlığı ilə fərqlənmişdir. Hökumə Qurbanovanın nəvəsi Nazim Əliyev nənəsinin xatirəsinə göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. Gecədə unudulmaz sənətkarın oynadığı və televiziyanın qızıl fondunda saxlanılan tamaşalardan parçalar nümayiş etdirilmişdir. Axırda tədbir iştirakçıları Hökumə Qurbanovanın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.