MƏDƏNİYYƏT
İstiqlal şairinin xatirəsi yad edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazaxda Azərbaycanın Xalq Şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi münasibətilə “İstiqlal Şairi” adlı ədəbi kompozisiya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Xəlil Rza poeziyasının başlıca məziyyəti humanizm, insansevərlik, həyat uğrunda mübarizədir. Şair inandığı yüksək ideallar uğrunda, Vətənin azadlığı uğrunda daima mübarizə aparıb. Onun ömrü meydanlarda, həbsxanalarda, azadlıq uğrunda mücadilədə keçib. Keçmiş sovet rejiminə - qırmızı imperiyaya qarşı cəsarətlə vuruşan şairin əzmini düşdüyü zindan belə qıra bilməyib.
Tədbirdə məktəblilər şairin şeirlərini səsləndiriblər.
Sonda iştirakçılar “Xəlil Rza Ulutürk - 85” adlı sərgi ilə tanış olublar.