İsveçli alimlər süni mayalanma ilə doğulan uşaqların akademik göstəricilərini qiymətləndiriblər
Stokholm, 7 iyul, AZƏRTAC
İsveçdə aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, “in vitro” mayalanma (IVF) və digər köməkçi reproduktiv üsullarla doğulan uşaqlar orta məktəbdə həmyaşıdları ilə müqayisədə eyni səviyyədə nəticələr göstərirlər.
İsveçdə hər il köməkçi reproduktiv texnologiyalar vasitəsilə təxminən 5500 uşaq dünyaya gəlir. IVF vaxtından əvvəl doğuş, aşağı doğum çəkisi, anadangəlmə ürək və mədə-bağırsaq qüsurları riskini müəyyən qədər artıra bilər. Lakin uşaqların əksəriyyəti tamamilə sağlam doğulur və onların uzunmüddətli sağlamlıq göstəriciləri digər uşaqlardan fərqlənmir.
AZƏRTAC xəbər verir ki, alimlər süni mayalanma yolu ilə doğulan 15 600-dən çox uşağın məlumatlarını təhlil edərək, təbii yolla doğulan 1,4 milyondan çox uşağın məlumatları ilə müqayisə ediblər. Tədqiqat iştirakçılarının hamısı 1987–2001-ci illərdə anadan olub.
İlkin nəticələr göstərib ki, süni mayalanma yolu ilə doğulan uşaqların akademik göstəriciləri bir qədər yüksək olub. Lakin valideynlərin təhsil səviyyəsi, ailə gəliri, ananın yaşı və digər amillər nəzərə alındıqdan sonra bu fərqlər aradan qalxıb.
Salgrenska Universitet Xəstəxanası və Höteborq Universitetinin tədqiqat rəhbərlərinin sözlərinə görə, nəticələr IVF prosedurunun özünün uşaqların idrak qabiliyyətlərinə və ya akademik nailiyyətlərinə mənfi təsir göstərmədiyini nümayiş etdirir.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr sonsuzluqdan müalicə alan ailələr üçün ümidvericidir. Araşdırma IVF-dən sonra doğulan uşaqların uğurla inkişaf etdiyini və onların digər uşaqlarla eyni təhsil perspektivlərinə malik olduğunu göstərir.