İsveçrə Kəşfiyyat Xidməti Yozef Mengele barədə arxiv sənədlərini ictimailəşdirib
Berlin, 11 sentyabr, AZƏRTAC
İsveçrənin Kəşfiyyat Xidməti nasist cinayətkar, “Auşvitsin ölüm mələyi” kimi tanınan həkim Yosef Mengele barəsində çoxsaylı sənədləri ictimaiyyətə açıqlayıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, arxivdə Y. Mengelenin müharibədən sonra Almaniyadan qaçaraq İsveçrədə gizlənə və ya saxta adla ölkəyə daxil ola biləcəyinə dair məlumatlar, həmçinin onun İrlandiya, Argentina və Çilidə olduğu barədə qeydlər yer alır.
Sənədlərdən birinə əsasən, 1964-cü ildə İsrail kəşfiyyatının tələbə qismində İsveçrəyə göndərdiyi agent Y. Mengelenin izinə düşməyə çalışıb.
İsveçrənin Kəşfiyyat Xidməti indiyədək tarixçilərin sənədlərə çıxış tələblərini sonuncu dəfə 2026-cı ilin fevralında olmaqla rədd edib. Buna səbəb arxiv materialları üçün 2071-ci ilədək qüvvədə olan mühafizə müddəti göstərilib. Lakin Y. Mengele üzrə araşdırma aparan tarixçi Jerar Vettstaynın İsveçrə Federal İnzibati Məhkəməsinə şikayəti təmin edilib.
Qeyd edək ki, Yosef Mengele (1911-1979) Auşvits həbs düşərgəsində məhbuslar üzərində çox vaxt ölümlə nəticələnən amansız tibbi təcrübələr aparıb. Müharibədən sonra Cənubi Amerikaya qaçan Y.Mengele 1979-cu ildə Braziliyada çimərlikdə boğularaq ölüb.