İsveçrədə ahıllar evlərində ölüm halları siyasətçilərin diqqət mərkəzində olacaq
Bern, 19 iyun, AZƏRTAC
İsveçrənin Vaadt kantonu ölkədə koronavirus pandemiyasından ən çox əziyyət çəkən bölgədir. Ölkədə COVID-19 xəstəliyi ilə əlaqədar ölən 1952 nəfərdən 420-si bu kantonun payına düşür.
AZƏRTAC xəbər verir ki, kantondakı ölüm hallarının 60 faizinin (255 nəfər) ahıllar evlərində baş verdiyi müəyyən edilib. İctimai Xidmətlərdə Çalışanlar Birliyinin nümayəndəsi Vanessa Monney yerli qurumların ahıllar evlərində böhran idarəçiliyini tənqid edib. O bildirib ki, yaşlı nəslin risk qrupuna aid olması faktı bu qədər yüksək ölüm hallarına bəraət qazandıra bilməz. Ahıllar evlərində yetərincə qoruyucu geyimlərin olmaması və qoruyucu materialla təminatda bu təsisatların ən son sırada yer alması da ciddi tənqidə tuş gəlib. Eyni zamanda, xadimə və tibb bacılarının xəstəliyin əlamətlərinə baxmayaraq işə çağırılmaları faktları müəyyən edilib.
Kantonun rəsmi qurumlarını təmsil edən Fabris Qelfi İsveçrə Teleradiosuna (SRF) verdiyi açıqlamada böhranın ilk dövründə həqiqətən qoruyucu geyim və vasitələrin çatışmadığını etiraf etsə də, qısa zamanda bu boşluğun aradan qaldırıldığını bildirib.
Koronavirus pandemiyası ahıllar evləri konsepsiyasına yenidən baxılması tələbatını yaradıb. Kanton Şurasının üzvü Filipp Vuillemin qanun layihəsi ilə çıxış edib. Onun təklif etdiyi tədbirlər kataloqu gələcəkdə ahıllar evlərində çalışan əməkdaşların tibbi biliklərinin gücləndirilməsi, tibbi təminatın yaxşılaşdırılması və böhran hallarında rəsmi qurumların bu evləri diqqət mərkəzində saxlamasını nəzərdə tutur. F.Vuillemin bildirib ki, ahıllar evi yaşlı insanların yaşayış yeri kimi dəyərləndirilməməli, onlar ilk növbədə klinika xüsusiyyətləri ilə təmin edilməlidir. Yalnız belə olduğu halda gələcəkdə risk qrupuna daxil olan ahılların sağlamlığını daha yaxşı qorumaq mümkün olacaq.
Kanton Şurasının üzvü, həmçinin qeyd edib ki, ixtisaslaşmış tibbi heyətə malik ahıllar evləri növbəti pandemiya təhlükələrinə daha yaxşı hazırlaşa və xəstəxanalarda olduğu kimi, yoluxma qadağalarını asanlıqla tətbiq edə biləcəklər.
Qanun layihəsi kanton səviyyəsində qəbul olunarsa, onun federal səviyyəyə çıxarılması da mümkün ola bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern