İtaliya yığmasının futbol üzrə Dünya Kubokundakı uğursuzluğu siyasi qəzəbə səbəb oldu
Bakı, 1 aprel, AZƏRTAC
Çərşənbə günü İtaliyanın Baş naziri Ciorcia Meloninin partiyası kişi futbol yığmasının ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalma riski (və ya uğursuzluğu) fonunda idman naziri Andrea Abodidən parlamentdə rəsmi hesabat tələb edib.
AZƏRTAC xəbər verir ki, mərkəz-sağçı hakim koalisiyanın üzvləri, həmçinin İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanı istefaya çağırıblar. Deputatlar Palatasında “İtaliya Qardaşları” partiyasının təmsilçisi Qaleatso Binami “X” platformasında Qravinanın “sadəcə getməli olduğunu” bildirib: “İtaliya futbolunun köklü islahatlara ehtiyacı var, onun istefası isə qaçılmazdır”.
Dördqat dünya çempionu olan İtaliya yığmasının son uğursuzluqları geniş narazılıq doğurub. Komanda sonuncu dəfə 2014-cü ildə Dünya Kubokunda iştirak etsə də, qrup mərhələsini keçə bilməyib. Daha sonra isə 2018 (Rusiya) və 2022-ci il (Qətər) turnirlərinə vəsiqə qazana bilməyib. “Politico” qeyd edir ki, “Skuadra adzurra” sonuncu dəfə dünya çempionatının pley-off mərhələsində qalib gələndə hələ ilk “iPhone” satışa çıxarılmamışdı.
“İtaliya Qardaşları”ndan olan deputat Salvatore Kayata parlament iclasında vurğulayıb ki, Qravina son illərdə ölkənin ən sevimli idman növünün tənəzzülünə yol verməklə “gənclərimizin xəyallarını oğurlayıb”. Bununla belə, heç də bütün qanunvericilər istefa tələbini dəstəkləməyib. Qeyd edək ki, bu məsələ çərşənbə günü parlamentin gündəliyində duran əsas mövzulardan biri olub.