İtaliyada daşqın bölgələrindən 3 mindən çox insan təxliyə olunub
Roma, 21 oktyabr, AZƏRTAC
İtaliyada güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınların baş verdiyi bölgələrdən üç mindən çox insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, ölkənin şimalındakı Emilia-Romanya regionunun və Bolonya şəhərinin böyük bir hissəsi su altında qalıb. Bolonyada 2100-dən çox insan, Emilia-Romanyada isə 1000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Bölgəyə 175 millimetr yağıntı düşüb.
Bolonya meri Matteo Lepore sakinləri küçələrə çıxmamağa və avtomobillərdən istifadə etməməyə, binaların üst mərtəbələrində qalmağa çağırıb. O, fövqəladə vəziyyət elan oluna biləcəyini bildirib. Məktəblərdə tədris dayandırılıb, çayların səviyyəsinin daha da yüksələcəyi, daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
Mülki müdafiə qrupları Emilia-Romanyada 500-dən çox xilasetmə əməliyyatı həyata keçirib. Ölkənin cənubundakı Kalabriya regionunda və Siciliya adasında da hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni bölgələrdəki vəziyyəti narahatlıqla izləyir, mülki müdafiə qurumlarının rəhbərləri ilə daim telefon danışığı aparır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma