İTALİYADA TƏHSİL ALACAQ AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN SAYI ARTIRILACAQ
Noyabrın 13-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kosta, Türkiyə və Azərbaycan Respublikalarındakı hərbi attaşesi, birinci dərəcəli kapitan Tindaro Kalderone ilə görüşmüşdür.
Hərbi attaşe T.Kalderone İtaliya-Azərbaycan hərbi əməkdaşlığını həyata keçirmək üçün yaradılan işgüzar şəraitdən razılıq edərək demişdir: “İtaliya-Azərbaycan hərbi əməkdaşlığı genişləndirilməlidir. Biz İtaliyada təhsil alan Azərbaycan zabitlərinin sayını artırmağı və gizirlərin təhsil alması üçün imkan yaradılmasını planlaşdırırıq. Azərbaycanda mənə göstərdiyiniz qonaqpərvərliyə görə sizə bir daha təşəkkür edirəm”.
Azərbaycan-İtaliya hərbi əməkdaşlığının genişləndirilməsinin zəruri olduğunu vurğulayan general-polkovnik S.Əbiyev demişdir: “Biz çox istərdik ki, bu əməkdaşlıq öz hüquqi təsdiqini tapsın, Azərbaycan və İtaliya silahlı qüvvələri arasında əməkdaşlıq haqqında müqavilə imzalansın”.
Sonra müdafiə naziri Cənubi-Qafqaz regionunda mövcud olan vəziyyət, Ermənistan Respublikasının yeritdiyi işğalçılıq siyasəti haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı və terrorçu dövlət kimi tanımaq məsələsini nəinki yubandırır, əksinə, onu dəstəkləyən dövlətlər də vardır. Lakin bu çox davam edə bilməz”.
Cənab T.Kalderone Ermənistan-Azərbaycan münaqişəsinin siyasi dialoq yolu ilə həll ediləcəyinə inandığını bildirirək demişdir ki, Ermənistan siyasətçiləri zaman keçdikcə daha çox təcrid olunacaqlarını dərk etməli və bu gün yeritdikləri siyasətdən əl çəkməlidirlər.
Daha sonra general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının iqtisadi imkanlarının perspektivləri haqqında qonaqlarla fikir mübadiləsi etmişdir.
Səfir M.Kosta bütün bunların həqiqət olduğunu təsdiqləyərək qeyd etmişdir ki, Azərbaycanın təkcə iqtisadi potensialı deyil, həm də qədim tarixi, zəngin mədəniyyəti və intellektual imkanları vardır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev hərbi attaşe T.Kalderoneyə Azərbaycan-İtaliya hərbi əməkdaşlığı sahəsində gördüyü işlərə görə təşəkkür etmiş və ona uğurlar arzulamışdır.