İtalyan mütəxəssis: Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd” təcrübəsi digər ölkələr üçün nümunəyə çevrilə bilər
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd” təcrübəsi beynəlxalq səviyyədə çox faydalı ola bilər.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının prezidenti Antonio Kampaqnoli bildirib.
O deyib ki, bu gün "ağıllı olmaq” yalnız rəqəmsallaşma və ya inkişaf etmiş infrastruktur anlamına gəlmir. Bu, həm də həyat keyfiyyətinin, səmərəliliyin, dayanıqlılığın və sosial inklüzivliyin yaxşılaşdırılması anlamına gəlməlidir.
“Ağıllı kənd” konsepsiyası xüsusilə maraqlıdır. Çünki qlobal miqyasda yalnız iri meqapolislərə deyil, həm də balanslaşdırılmış ərazi inkişafına, kiçik icmalara və kənd dayanıqlığına artan diqqətin şahidi oluruq. Əgər bu layihələr texnologiya, dayanıqlılıq, ictimai xidmətlər, enerji səmərəliliyi və icmaların iştirakını inteqrasiya etməkdə uğur qazanarsa, onlar oxşar şəhər və ərazi problemləri ilə üzləşən digər ölkələr üçün vacib beynəlxalq nümunələrə çevrilə bilər”, - deyə o diqqətə çatdırıb.
Antonio Kampaqnoli, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə müxtəlif regionlar, təcrübələr və inkişaf modelləri arasında körpü rolunu oynaya bilər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi isə artıq Azərbaycanın davamlı şəhərsalma üzrə qlobal dialoqun mərkəzində dayanan ölkəyə çevrilmək istəyini nümayiş etdirir. O, WUF13 tədbirinin də son dərəcə əhəmiyyətli olduğunu da vurğulayıb.