IV Antalya Diplomatiya Forumuna YAP-ın nümayəndələri də qatılıblar VİDEO



Antalya, 11 aprel, Günel Karatepe, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri aprelin 11-də Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən IV Antalya Diplomatiya Forumunun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıblar.
AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüş də keçirilib.
AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala YAP nümayəndə heyətinin qardaş ölkəyə səfəri və Forumda iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mötəbər beynəlxalq tədbir kimi Antalya Diplomatiya Forumunun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edərək Forumun işinə uğurlar arzulayıb.
Görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf etdiyi və ən yüksək səviyyəyə çatdığı bildirilib. Türkiyə ilə Azərbaycanın beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmini və strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin həm iki ölkə arasında münasibətlərin inkişafı, həm də regionda çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və təhlükəsizliyin təmini baxımından önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə birliyi Türk dünyasında da əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində önəmli güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi və rolunun artması üçün yeni imkanlar yaratmaqdadır.
Görüş əsnasında Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, 2021-ci il iyunun 2-də imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapmış vəzifələrin uğurla icra olunduğu məmnunluqla vurğulanıb, hakim partiyaların bundan sonra da dövlət maraqlarına əsaslanan milli məqsədləri inamla həyata keçirəcəklərinə əminlik ifadə olunub.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun da iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.