İVANOVODA AZƏRBAYCANLILAR HÖRMƏT VƏ NÜFUZ SAHİBİDİRLƏR
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayevin İvanovo vilayətindəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri maraqlı və faydalı olmuşdur. Soydaşlarımız, ilk öncə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə apardığı milli siyasətə, tarixi vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlılara göstərdiyi qayğıya görə dərin minnətdarlıqlarını bildirmiş, səfirin İvanovaya gəlişini də dövlətin bu siyasətinin davamı kimi qiymətləndirmişlər.
Həmvətənlərimiz öz həyatlarından danışaraq, Rusiyada, o cümlədən İvanovo vilayətində etnik-milli zəmində heç bir problemlə qarşılaşmadıqlarını, özlərini tam hüquqlu vətəndaşlar hiss etdiklərini, vilayətin həyatında fəal iştirak etdiklərini, icra hakimiyyəti və ictimai təşkilatlarla, digər diasporlarla sıx əlaqə saxladıqlarını söyləmişlər.
İvanovodakı Azərbaycan diasporu layiqli yerini tuta bilmiş, vilayətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Səfir demişdir ki, diasporla yerli orqanların qarşılıqlı münasibətlərinin “İvanovo modeli”ni Rusiyanın başqa regionlarında da yaymaq olar. Görüşlərdə vurğulanmışdır ki, Rusiya və Azərbaycan dost ölkələrdir və dövlət başçıları arasında yaranmış səmimi münasibətlər Rusiyada yaşayan azərbaycanlıların həyat və fəaliyyətinə çox müsbət təsir göstərir. Səfir Azərbaycan Prezidenti Heydər Əliyevin səmimi salamını və xoş arzularını soydaşlarımıza yetirmişdir.
Azərbaycan diplomatı İvanovo vilayətinin qubernatoru Vladimir Tixonovla da görüşmüşdür. Görüşdə respublikamızla İvanovo vilayəti arasında əməkdaşlıq haqqında sazişin hazırlanmasına dair razılaşma əldə edilmişdir. İvanovo vilayəti Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bunu toxuculuq diyarı olan vilayətin Azərbaycandan pambıq almaq, habelə maşınqayırma və toxuculuq sənayesi sahəsində əməkdaşlıq marağı ilə də izah etmək olar. Mədəni əlaqələri və təhsil sahəsində əlaqələri daha geniş inkişaf etdirməyin zəruriliyi də vurğulanmışdır. İvanovo şəhərinin meri V.Qroşevlə görüşdə də bu barədə söhbət getmişdir.
Bütün görüşlərdə, söhbətlərdə çox mühüm bir fikir - İvanovodakı Azərbaycan diasporunun yüksək nüfuza, yüksək hörmətə malik olması vurğulanmışdır. Vilayət hökuməti problemlərin həllinə azərbaycanlıların töhfəsini yüksək qiymətləndirir və bir neçə uşaq və qocalar evini himayəyə götürən azərbaycanlı sahibkarların xeyriyyəçilik fəaliyyətinə görə minnətdarlığını bildirmişdir.
Səfirin 17 millətin nümayəndələrinin daxil olduğu “Rusiya Xalqları Assambleyası”nın təmsilçiləri ilə xüsusi təşkil edilmiş görüşündə belə bir fikir səslənmişdir ki, müxtəlif millətlər arasında dostluq və qarşılıqlı anlaşma mədəniyyətin yüksək səviyyəsini göstərir və millətlərarası xarakterli bir çox problemləri həll etməyə və aradan qaldırmağa imkan verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva