Janet Ngekvih: Azərbaycanın şəhərsalma və mənzil siyasəti ilə bağlı təkliflərini Kamerunda tətbiq etməkdə maraqlıyıq
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan şəhərsalma və mənzil siyasəti ilə bağlı maraqlı təkliflər irəli sürüb və biz onları öz ölkəmizdə tətbiq etməkdə maraqlıyıq.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Kamerunun Bamenda şəhər konsulluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Janet Ngekvih deyib.
“Mən Bamenda şəhərindən gəlmişəm. Şəhərimiz Kamerunun şimal-qərb hissəsində yerləşir. Bu, mənim WUF-da ilk iştirakımdır. Bu mötəbər tədbir yüksək səviyyədə təşkil olunub. Bu platforma insanları bir araya gətirərək dünyanın ən böyük çağırışlarından olan mənzil problemini müzakirə etməsinə imkan yaradır. Biz burada yeni tərəfdaşlıqlar qurmaq və təcrübə mübadiləsi aparmağı hədəfləyirik. Təmsil etdiyim Bamenda şəhəri müxtəlif böhranlardan, o cümlədən məcburi köçkünlük və müharibədən əziyyət çəkir. Nəticədə milyonlarla insan öz evlərindən didərgin düşüb. Ona görə də mənzil siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Janet Ngekvih əlavə edib.
Foto: Əyyub Ələsgərov