Jurnalist olmaq istəyən gənclər yeni media ilə bağlı məlumatlandırılmışlar
Bakı, 26 may (AZƏRTAC). Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda təlim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təlimdə yeni media və internetdən peşəkar məqsədlərlə və üsullarla yararlanma həmin kateqoriyaya aid gənclərə başa salınmış, “KİV haqqında” Qanunun müvafiq bəndləri və bu barədə dünya praktikası aşılanmışdır. Bu təlimlərdə 20 gənc jurnalist ixtisası barədə bilgilər qazanmaq üçün iştirak etmişdir.
Layihənin məqsədi yeni mediada - online saytlarda və sosial şəbəkələrdə, yaxud “Vətəndaş jurnalistikası” iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Bu məqsədlə gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan xalqının dəyərlərinə, ənənələrinə sayğı ilə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür.
Layihə çərçivəsində internetdə və sosial şəbəkələrdə fəal olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilmişdir. “Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı broşür əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanacaqdır. Burada həm də ali təhsil və ixtisaslaşma ilə bağlı yeniyetmə və gəncləri dolğun maarifləndirəcək internet resursları qeyd ediləcəkdir. Broşür virtual formada da internetdə yayılacaqdır. Bundan başqa, “Yenimedia.info” adlı yeni sayt yaradılacaqdır. Sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirən ekspert müsahibələrinin, rəylərin və s. xəbərlərin əksini tapdığı sayt olacaqdır.