Kaliforniyada Ulu Öndərin Azərbaycanda şahmatın inkişafına verdiyi dəstəkdən danışılıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu tərəfindən Kaliforniya ştatının San Dieqo şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə şahmat turniri keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, şahmat turniri azərbaycanlı qrosmeyster Vasif Durarbəylinin iştirakı ilə mayın 18-dən 20-dək davam edib.
Turnirin ilk yarışı La Xoya-Riford kitabxanasında 13 yaşlı şahmatçılar arasında baş tutub. Yeniyetmə şahmatçılar 2022-ci il üzrə ABŞ çempionu və idman ustası Ayzek Vanq ilə yoldaşlıq oyununa qoşulublar.
Daha sonra qrosmeysterimiz V.Durarbəyli yoldaşlıq oyununu izləməyə gəlmiş şahmatçılara master-klas keçməklə yanaşı, Azərbaycan və şahmat tarixi haqqında məlumat verib.
Həmyerlimiz mayın 19-da San-Dieqonun ən populyar televiziya kanalı olan KUSI TV-yə müsahibə verib. O, canlı yayımlanan səhər proqramında izləyicilərə Azərbaycan və şahmat oyunu haqqında danışıb. Həmin gün həmyerlimizlə San-Dieqonun ictimai-siyasi nümayəndələri arasında görüş keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri üzrə növbəti yarış mayın 20-də Korona kitabxanasında təşkil edilib. “5-ci San-Dieqo - Azərbaycan gənclərarası şahmat turniri”ndə 8-18 yaş arasında olan amerikalı 40 gənc şahmatçı mübarizə aparıb. İlk 3 yeri tutan şahmatçılara ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.
Turnirdən sonra Vasif Durarbəyli yarış iştirakçılarına xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğu tarixində oynadığı mühüm rolundan bəhs edib, Ulu Öndərin ölkəmizdə şahmatın inkişafına verdiyi dəstək qeyd edilib. Həmçinin Azərbaycanın tanınmış şahmatçıları barədə məlumat verilib, kitabçalar paylanılıb.