Kamerundan olan tədqiqatçı: Tikintidə iqlimə az təsir edən üsullara üstünlük verilməlidir VİDEO
Bakı, 19 may, AZƏRTAC
WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şəhərlər insanların yaşadığı əsas məkanlardır və yaşayış evlərinin münasib qiymətə, eyni zamanda keyfiyyətli şəkildə tikilməsi olduqca vacibdir. Əks halda bu, bir sıra problemlərə, xüsusilə də iqlim dəyişikliyi ilə bağlı ekoloji problemlərə səbəb olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kamerundan olan tədqiqatçı Lbe Ltoh deyib.
“Fəaliyyət göstərdiyim Kamerunun Yerli Materialların Təşviqi Agentliyi (MIPROMALO) tikinti üçün ekoloji cəhətdən təhlükəsiz yerli materialların istehsalı ilə məşğuldur. Qurum eyni zamanda Kamerunun müxtəlif iqlim zonalarına uyğun tikinti standartlarının hazırlanması istiqamətində çalışır. Əhali artımı mənzil çatışmazlığını daha da dərinləşdirir və bu da yeni yaşayış evlərinin tikintisini zəruri edir. Yeni tikintilər həyata keçirilərkən ekoloji baxımdan təhlükəsiz və iqlimə mənfi təsiri minimum olan üsullara üstünlük verilməlidir", - deyə o bildirib.