Urban yaşıllıqlar və landşaft memarlığına müasir çağırışlar - elmi sessiya
Bakı,19 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində “Urban yaşıllıqlar və landşaft memarlığına müasir çağırışlar” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda baş tutan tədbirin əsas məqsədi şəhər yaşıllıqları və landşaft memarlığı sahəsində müasir yanaşmaların, elmi-praktik həllərin və dayanıqlı urban inkişaf istiqamətlərinin müzakirəsi olub.
Tədbiri Botanika İnstitutunun direktor vəzifəsini icra edən, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin sədri professor Səyyarə İbadullayeva açaraq ölkəmizdə keçirilən WUF13 tədbirinin əhəmiyyətini vurğulayıb. O, forumun şəhərsalma, ekoloji dayanıqlılıq və yaşıl urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Panel müzakirələri ilə davam edən tədbirdə iqlim dəyişikliyi fonunda davamlı şəhər yaşıllıqları, şəhər bağlarının urban ekosistemlərdə rolu, endemik bitkilərin ex-situ qorunması, şəhər yaşıllaşdırılmasında geobotaniki yanaşmalar, vətəndaş cəmiyyətinin iştirakı, urban yaşıllaşdırmada fitosanitar nəzarət, çirkab sularının mikro və makroyosunlarla təmizlənməsi, həmçinin biomüxtəlifliyin qorunması kimi aktual mövzular üzrə çıxışlar təqdim olunub. Məruzələrdə şəhər mühitində ekoloji tarazlığın qorunması, innovativ yaşıllaşdırma metodları və landşaft memarlığının gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində pavilyonda gənc mütəxəssislərin hazırladığı landşaft memarlığının gələcək istiqamətlərini əks etdirən xüsusi sərgi də təşkil olunub. Sərgidə urban yaşıllaşdırma, ekoloji dizayn və dayanıqlı şəhər mühiti ilə bağlı müxtəlif vizual layihələr iştirakçıların marağına səbəb olub.