Sent-Vinsent hökumət başçısının müşaviri: Ədalət məsələsi hər zaman fundamental bir mövzu olub
Bakı, 19 may, AZƏRTAC
Ədalət məsələsi hər zaman fundamental bir mövzu olub. Müstəmləkəçiliyin özü bir çox ədalətsizlik formaları yaradıb. Yəqin ki, görə biləcəyiniz ən bariz formalardan biri yoxsulluqdur. Yoxsulluqdan isə mənzil problemi də daxil olmaqla digər ədalətsizliklər doğur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Bayron-Koks Riçard Antoni Beresford Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, burada dünyanın müxtəlif yerlərindən gələn insanlar öz hekayələrini bölüşəcəklər. Buna görə də hər bir hekayə, - insanların bununla necə mübarizə apardığı və ya gələcəkdə necə mübarizə aparmağı planlaşdırdığı, - böyük əhəmiyyət daşıyır.
“Amma bir məqamı heç vaxt unutmayın, burada hamımızı birləşdirən ortaq bir xətt var. Hamımız müstəmləkəçiliyin təsirindən zərər çəkmişik. Mən də buraya sizi dinləmək üçün gəlmişəm”, - deyə Bayron-Koks Riçard Antoni Beresford əlavə edib.