Monqolustanlı şəhərsalma mütəxəssisi: “Qara şəhər”in Ağ şəhərə çevrilməsi heyrətamizdir
Bakı, 19 may, AZƏRTAC
“Bakı Ağ Şəhər” layihəsi sənaye ərazilərinin müasir və dayanıqlı şəhər məkanına çevrilməsi baxımından çox uğurlu nümunədir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Monqolustanın “New Urbanism LLC” şirkətinin təmsilçisi, şəhərsalma üzrə mütəxəssis Tuya Zoriq deyib.
Monqolustanlı iştirakçı bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) ilk dəfə iştirak edir və tədbir onun üçün böyük təcrübədir.
“Dünyanın müxtəlif ölkələrindən şəhərsalma mütəxəssislərinin bir araya gəlməsi, insanların rifahı üçün daha yaxşı şəhərlərin planlaşdırılması istiqamətində fikir mübadiləsi aparması çox təsirlidir. Burada fərqli ölkələrin təcrübələrini öyrənmək və onların tətbiq mexanizmlərini görmək olduqca faydalıdır. “Qara şəhər”in Ağ şəhərə çevrilməsi heyrətamizdir. Siz çox böyük iş görmüsünüz. Bu, sənaye zonalarının yenidən qurulması və icmalar üçün daha sağlam mühit yaradılması baxımından örnək layihədir”, - deyə Tuya Zoriq vurğulayıb.
Bakıya ilk dəfə səfər etdiyini və şəhərin inkişafından təsirləndiyini vurğulayan mütəxəssis bildirib ki, Monqolustanda da yenidən inkişaf etdirilməsinə ehtiyac olan sənaye əraziləri mövcuddur və Azərbaycan təcrübəsi onlar üçün faydalı ola bilər: “Bizim də təmizlənməsi və yenidən şəhər həyatına qazandırılması vacib olan sənaye zonalarımız var. Bu baxımdan “Bakı Ağ Şəhər” layihəsindən öyrənəcəyimiz çox məqam var. Köhnə şəhərdə altı saat gəzdikdən sonra gördüm ki, siz tarixi irsi qorumağı bacarmısınız. Bu, çox dəyərlidir və öyrənilməsi vacib təcrübədir”.
Tuya Zoriq Azərbaycan ilə Monqolustan arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq imkanlarının genişləndirilə biləcəyini də vurğulayıb.