Zarina Mirabdullayeva: Könüllülər şəhərlərin modernləşdirilməsinin əsas komponentidir
Bakı, 19 may, AZƏRTAC
Mən burada, əlbəttə ki, könüllüləri sevdiyim və onlar haqqında daha çox öyrənmək, onlarla ünsiyyət qurmaq istədiyim üçün iştirak edirəm. Amma məsələ yalnız bununla bağlı deyil. Mən həm də bu foruma olan sevgimə görə buradayam. Sessiya çox gözəl və bayram ab-havalı görünür. Burada olmaq, bu qədər insanı və belə möhtəşəm tədbiri görmək məni çox sevindirdi. Bu, mənim üçün böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbanizasiyada ASAN Modeli: Dövlət xidmətlərinin və könüllülüyün rolu” mövzusunda keçirilən panel görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Z.Mirabdullayeva bildirib ki, urbanizasiya və rəqəmsallaşma proseslərində insan amili heç vaxt unudulmamalıdır: “Biz təşkilatlanmadan və yaşadığımız məkanların rəqəmsallaşdırılmasından danışarkən, insan faktorunu diqqətdən kənarda qoya bilmərik. Mənim burada olma səbəbim də məhz budur. Könüllülər insanlar və yaşadıqları məkanlar arasında ən güclü bağ yaradan şəxslərdəndir”.
O vurğulayıb ki, könüllülər müxtəlif tədbirlərdə, məkanlarda və təşkilatlarda insanların ilk qarşılaşdığı simalardır: “Mənim mesajım çox aydındır: könüllülər şəhərlərin innovasiyası, rəqəmsallaşdırılması və modernləşdirilməsi prosesinin əsas komponentidir”.