Kanada və Böyük Britaniya “Dodo” antimükafatına layiq görülmüşlər
Bakı, 19 oktyabr (AZƏRTAC). Kanada və Böyük Britaniya BMT-nin oktyabrın 18-də Hindistanın Heydərabad şəhərində başa çatan biomüxtəliflik üzrə konfransında heyvan və bitki növlərinin sayının azalmasına görə altıncı “Dodo” antimükafatına layiq görülmüşlər. Bu barədə məlumatı konfransın təşkilatçıları yaymışlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, biomüxtəlifliyin azalmasına görə verilən rezindən hazırlanmış dodo quşu şəklində illik antimükafat 2007-ci ildən etibarən təbiəti mühafizə ilə bağlı qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilir. Mükafat insanın günahı üzündən məhv olmuş bütün növlərin rəmzi kimi nəsli kəsilmiş dodo quşunun şərəfinə adlandırılmışdır.
“Kanada “şəksiz” qələbəyə BMT-nin biomüxtəliflik üzrə konvensiyasının 2008 və 2010-cu illərdə bəyəndiyi bir sıra geomühəndis qadağaları pozduğuna görə layiq görülmüşdür. Həmin tədbirlər arasında okeanların fertilizasiyasına (okean fitoplanktonunun artımını gücləndirmək üçün okeanların gübrələnməsi - red.) moratoriumlar da olmuşdur.
Bu mükafata dalbadal ikinci il layiq görülən Kanadanın mükafatlandırılmasının ikinci səbəbi onun özünün bioyanacaq siyasətini yenidən gözdən keçirməkdən imtina etməsidir.
Qeyri-kommersiya xarakterli “Econexus” ekoloji-təhlil təşkilatının nümayəndəsi Helenu Pol demişdir: “Böyük Britaniya sintetik biologiya (prinsipcə yeni bioloji funksiyaların və sistemlərin qurulması üçün elmin və mühəndis fəaliyyətinin sintezi) siyasətini yeritməkdə Avropa İttifaqına və konfransın katibliyinə əl altından mane olmağa çalışır. Böyük Britaniya bu sahədə texnoloji liderliyi əldə etməyə ümid bəsləyir, yəni şəxsi mənfəəti naminə digər ölkələrin təşəbbüslərini ləngidir”.
H.Pol daha sonra demişdir: “Eyni zamanda, Böyük Britaniya biomüxtəlifliyin azalmasına görə kompensasiyalar sistemi tətbiq etməklə, onu əmtəəyə çevirir. Lakin kompensasiya təbiətin verdiyi itkilərin əvəzini doldurmur. Birləşmiş Krallıq biomüxtəlifliyin kasadlaşması prosesini dayandırmaq üçün belə tədbirləri yetərli sayır”.
“Dodo” antimükafatı 2011-ci ildə ABŞ-ın Ticarət Palatasına, inişil Kanada və Avropa İttifaqına verilmişdir. 2007-ci ildə mükafatın ilk sahibi o vaxtlar ABŞ-ın daxili işlər naziri vəzifəsini tutan Dirk Kemptorn 1,5 il ərzində ABŞ-ın nəsli və kökü kəsilməkdə olan növlər Siyahısına heç bir heyvan və bitki növü daxil etmədiyinə görə layiq görülmüşdür.