İDMAN
KANADA VƏ GÜRCÜSTAN GİMNASTLARI BAKIDA TƏLİM-MƏŞQ TOPLANTISI KEÇİRMƏK İSTƏDİKLƏRİNİ BİLDİRMİŞLƏR
Bədii gimnastika üzrə Gürcüstanın yığma komandası və Kanadanın gənclər komandası təlim-məşq toplantısını Bakıda keçirmək arzusunda olduqlarını bildirmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gürcüstan yığma komandasının baş məşqçisi Eliso Bedoşvili məşqləri qışın sonunadək keçirmək fikrindədir. O, Dünya Kuboku uğrunda yarışların aprelin 24-25-də Bakıda keçiriləcək növbəti mərhələsində iştirak etmək üçün 2-3 gimnast hazırlayacaqdır. Kanada gimnastlarına gəldikdə isə, məşqçi Yuliya Benderski iyun-iyul aylarında 20 gün davam edəcəyi nəzərdə tutulan toplantıya 10-11 idmançı gətirəcəkdir.
Qeyd edək ki, Y.Benderski əslən bakıdandır, komanda hesabında Azərbaycan çempionu olmuş və keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandasının heyətində çıxış etmişdir.
Kanada gimnastları ilə Azərbaycan mütəxəssisləri – Natalya Nərimanova və Nurlanə Əlizadə, habelə xoreoqraf Kristina Əliyeva işləyəcəklər.
N.Nərimanova demişdir: “Başqa ölkələrin komandalarının bu toplantısının Bakıda keçirilməsi Azərbaycanda bədii gimnastikanın inkişafının, onun potensialının, bütövlükdə, idmana diqqətin sübutudur. Bunun üçün bizdə yaxşı şərait var əcnəbi gimnastlar və məşqçilər bizdən çox şey öyrənə bilərlər”.
Təlim-məşq toplantılarının yekunlarına əsasən Azərbaycan və Kanada komandalarının görüşünü keçirmək nəzərdə tutulur.