ELM VƏ TƏHSİL
Karantin rejiminin tələblərini pozaraq toy keçirən şəxslərin hərəkətləri qətiyyən qəbul oluna bilməz
Bakı, 22 avqust, AZƏRTAC
Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən adamın, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O vurğulayıb ki, dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil. Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır.