Kəlbəcər sakinləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
Gəncə, 11 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi Kəlbəcər sakinləri tərəfindən geniş formada qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin həyatını əks etdirən fotoguşəyə baxış keçiriblər.
Sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Azər Qocayev Ümummilli Liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəlalardan qurtarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtərəfli inkişafına nail olmuşdur.
Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğuna, ölkəmizin qüdrətlənməsinə, inkişafına misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Tədbirdə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra tədbir Kəlbəcər rayon Uşaq İncəsənət məktəbi “Xalq Çalğı” alətləri ansamblının konsert proqramı ilə davam edib.