CƏMİYYƏT
Kəmalə Hüseynli-Abışova: Su ehtiyatlarının qorunması üçün tədbirlər görməliyik
Bakı, 1 oktyabr, AZƏRTAC
İqlim dəyişikliyinin təsirindən su ehtiyatlarının həcmi günbəgün azalır. Buna görə onun qorunması üçün tədbirlər görməliyik. COP29 Sədrliyi su mövzusunu fəaliyyət gündəliyinə daxil edib. İqlim fəaliyyəti naminə su təşəbbüsünü irəli sürmüşük. Bu, artıq gündəliyə daxil olan təşəbbüsdür. Təşəbbüs sırf su mövzusunda davamlı və müfəssəl dialoqu təşviq edir.
AZƏRTAC xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə "Su hövzəsi: Su məsələlərində irəliləyiş" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
“Xəzər dənizinin su kütləsinin günbəgün azalmasının şahidi oluruq. Bu, kifayət qədər narahatlıq yaradır. Biz istəyirik ki, COP29-da su mövzusu ilə bağlı ardıcıl müzakirələr aparılsın. Düşünürük ki, dünyanın bir nömrəli platformasında su mövzusu önəmli yer tutmalıdır. İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Bakı dialoqu yaradılıb. Su mövzusunun dialoqda əsas yer tutması üçün təşəbbüslər davam edəcək.
Noyabrın 21-də su ilə əlaqəli böyük tədbir olacaq. Burada, həmçinin təbiət və biomüxtəlifliyin mühafizəsi ilə bağlı da müzakirələr aparılacaq", - deyə o qeyd edib.