Kəmalə Nəcəfova: Ümid edirik ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilində məktəbləri olacaq
Bakı, 24 yanvar, AZƏRTAC
İranda Azərbaycan türkləri çox təəssüf ki, öz ana dilində təhsil almaq hüququndan və digər xalqlar kimi öz mədəniyyətini inkişaf etdirmək imkanlarından məhrum olub. Azərbaycan türklərindən sayca dəfələrlə az olan etnik azlıqların həmin hüquqlara malik olması isə soydaşlarımızın haqlı etirazlarına səbəb olur. Məhz bu səbəbdən bu gün İranda baş verən etirazlar Cənubi Azərbaycanda daha geniş yayılır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova bildirib. K.Nəcəfova qeyd edib ki, Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları müdafiə edilməlidir, onların haqlı tələbləri təmin olunmalıdır, insan azadlığı çox önəmli məsələdir.
“Ümid edirik ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız tutduqları haqq yolunda öz arzularına, istəklərinə çatacaqlar. Onların da ana dilində məktəbləri olacaq, elm, mədəniyyət mərkəzləri yaradılacaq. Ona görə ki, onların bu istəklərini həyata keçirməyə haqları var”, - deyə alim bildirib.