Kənd tam orta məktəbi üçün yeni bina inşa olunur
Ağsu, 18 avqust, AZƏRTAC
Ağsu rayonunun Musabəyli kəndində tam orta məktəb üçün 132 yerlik ikimərtəbəli bina tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq ikinci mərtəbənin dam örtüyü vurulub.
Şəhid Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəbi üçün təzə bina müasir standartlar səviyyəsində tikilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq. Binada sinif otaqları, fənn kabinetləri, kompüter otağı, idman zalı, tibb otağı, həyətdə isə 2 idman meydançası, 2 su anbarı, qazanxana, transformator, sanitar qovşaqlar, yaşıllıq zolağı yaradılacaq.
Məktəb binasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.