REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 12 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov yanvarın 12-də Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yardımlı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, güzəştli şərtlərlə kreditin verilməsi, lizinq yolu ilə texnika əldə edilməsi, təhsil məsələləri, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarından məlumatların EKTİS-ə inteqrasiya olunması, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, artezian quyusunun qazılmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.