“Kiçik Akademiya”ların rəhbərləri hesabat veriblər
Bakı, 31 may, AZƏRTAC
Sabunçu və Binəqədi rayonlarının ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransları keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, paytaxtdakı 307 nömrəli tam orta məktəb və 83 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən konfranslarda “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Konfranslar Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib, “Kiçik Akademiya”ların işinə uğurlar arzulayıb.
Sabunçu və Binəqədi rayonlarının ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların rəhbərləri il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə ediblər.
Konfranslarda şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və digər məzmunlu elmi-tədqiqat işlərini təqdim ediblər.
Sonda fərqlənən məktəblər fəxri fərmanlarla təltif olunublar.