KİKBOKSÇULARIMIZ DÜNYA ÇEMPİONATINDA 14 QIZIL, 9 GÜMÜŞ VƏ 8 BÜRÜNC MEDAL QAZANMIŞLAR
Respublikamızı yarışda 35 idmançı təmsil etmişdir.
Otuz beş ölkədən 700-dək idmançının iştirak etdiyi yarışda ful-kontakt, lou-kik və tayboks növlərində gücünü sınayan Azərbaycan nümayəndələri Vətənə 14 qızıl, 9 gümüş və 8 bürünc medalla qayıtmışlar.
Yaşlı idmançıların yarışında Elnur Salamov (56,5 kq), Eduard Məmmədov (60 kq), Ramil Nadirov (67 kq), Nahid Əsədov (70 kq), Kamil Şərifov (72,5), Ehram Məcidov (82 kq), Zaur Ələkbərov (88 kq-dan yuxarı), Hafiz Baxşəliyev (88 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Gənclərin və yeniyetmələrin mübarizəsində isə Camal Məmmədov (40 kq), Sərxan Mədətov (50 kq), Fərid Paşazadə (75 kq-dan yuxarı, lou-kik), Azər Rzazadə (75 kq-dan yuxarı, ful-kontakt) arenada Dövlət himnimizi səsləndirməyə nail olmuşlar.
Azərbaycan Döyüş növləri Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy isə veteranlar arasında semi–kontakt növü üzrə dünya çempionu olmuşdur.
Daha 9 gümüş və 8 bürünc medal qazanan Azərbaycan idmançıları komanda hesabında lou-kik növü üzrə birinci, ful-kontakt növü üzrə isə ikinci yer tutmuşlar.
Azərbaycan Kikboksinq və Muay–Tay Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyevin sözlərinə görə, Lutrakidə güclü azarkeş dəstəyinə malik erməni idmançıları ilə dəfələrlə qarşılaşan kikboksçularımız bütün görüşlərdən qalib çıxmışlar.
Elnur Salamov həm lou-kik, həm də ful-kontakt növləri üzrə yarışın ən yüksək mükafatına layiq görülmüşdür. Eduard Məmmədov isə 6-cı dəfə dünya çempionu olmuşdur.