Kimyaçı alimin “Müasir farmakokimyada polimer vektorlar” kitabı çapdan çıxıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi Samirə Məmmədovanın “Müasir farmakokimyada polimer vektorlar” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Elm” nəşriyyatında çapdan çıxan kitab sintetik və təbii polimerlər əsasında polimer vektorların alınması və onların dərman preparatlarının immobilizə olunmasına və ünvanlı çatdırılmasına həsr edilib.
Dərman maddələri orqanizmdə uzun müddət qala bilmir, metabolizmə uğrayaraq orqanizmdən tez bir zamanda xaric olunur. Bundan başqa, orqanizmdə xəstə orqanlara təsir etməklə yanaşı, digər orqanlara da toksiki təsir edərək əlavə təsirlərə də səbəb olur. Bu problemin qarşısını almaq üçün dərman maddələrinin polimer vektorlara immobilizə edilməsi bioüzvi kimya və tibbi biotexnologiyanın aktual məsələlərindən birinə çevrilib. Bu baxımdan doksorubisin və levofloksasinin immobilizə olunması üçün poliakril turşusu, poli-N-vinilpirrolidon və təbii mənşəli xitozan əsasında yeni yaddaşa malik polimer vektorlar sintez edilib. Alınmış hidrogellərin sorbsiya qabiliyyətləri öyrənilib və yüksək sorbsiya tutumuna malik olmaları müəyyənləşdirilib.
Göstərilib ki, bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin müalicəsində doksorubisinin, həmçinin infeksion xəstəliklərdə levofloksasinin terapevtik dozasını xeyli azaltmaq mümkündür. Polimer hidrogellərdə, immobilizə olunmuş doksorubisinin müxtəlif pH-larda, 37 dərəcə temperaturda geldən ayrılması prosesinin zamandan asılılığı tədqiq edilib. Göstərilib ki, doksorubisinin hidrogellərdən ayrılması ilkin 4 saat müddətində, pH-8-də 60-80 faiz təşkil edir, ancaq 20 saatdan sonra doksorubisinin polimerdən ayrılması yavaşıyır və 48-50 saat müddətində məhlula ayrılma kiçik porsiyalarla baş verir. Həmçinin xitozan əsaslı hidrogelin levofloksasin antibiotiki ilə müxtəlif mühitlərdə sorbsiyası öyrənilib və alınmış hidrogelin yüksək sorbsiya tutumuna malik olması müəyyən edilib.