Köç Laçın yaylaqlarından qışlağa qayıdır VİDEO
Ağcabədi, 25 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yaylaq mövsümü başa çatır. Yaz-yay aylarını Laçın rayonunun yaylaqlarında keçirən heyvandarlar da havaların soyuması ilə əlaqədar sürülərini qışlağa - Ağcabədi rayonunun Taxtakörpü ərazisinə gətirirlər.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Samir Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 428 laçınlı fermer təsərrüfatı Laçın rayonu ərazisindəki yaylaqlara köç edib. Yaylaqlara 33 min 673 baş xırdabuynuzlu, 3136 baş iribuynuzlu heyvan aparılıb. May ayında yaylağa gedən köç sentyabrın sonlarından başlayaraq qışlağa - Taxtakörpüyə qayıdır. Heyvandarlıq təsərrüfatlarının yaylaqlardan qayıtması oktyabrın 25-də yekunlaşır.
Budur, növbəti köç Taxtakörpüdəki Laçın obalarına doğru irəliləyir. Laçın rayon Ağbulaq kənd sakini Bayraməli Ağalarov deyib: "30 il Vətən həsrəti ilə yaşamışıq. Artıq həsrət sona çatıb, doğma yurdumuza gedə bilirik. Bu il də öz doğma kəndimizə, yaylaqlarımıza getmişdik. Çöplügöl, Yeddibölük kimi gözəl yaylaqlarımız var. Bu yerlərin həsrətini çox çəkirdik. Göz yaşları ilə getdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Kəndin digər sakini İlqar Qənbərov bildirib ki, həmişə köçəri heyvandarlıqla məşğul olublar. “Laçın rayonu işğal olunandan sonra mal-qaranı Daşkəsən yaylaqlarına aparırdıq. Artıq üçüncü ildir ki, doğma rayonumuza - Laçına gedirik. Yaylaqda qoyunlar yaxşı bəslənilir - çayların sərin suyundan içib, çəmənliklərdə otlayırlar. Yaylaqda olarkən heyvanlar qızdırma xəstəliyinə tutulmur, kökəlirlər. Qoyunların mayalanması da yaxşı gedir, artım yüksək olur”.
Qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. 30 ilə yaxın torpaqlarımızın işğal altında qalması səbəbindən heyvandarlıqla məşğul olan laçınlılar 1992-ci ildən etibarən Daşkəsən, İsmayıllı və Goranboy rayonları ərazisindəki yaylaqlara köç etmək məcburiyyətində qalmışdılar. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbədən sonra isə laçınlılar təsərrüfatlarını öz doğma yaylaqlarına aparırlar.