KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə K.Qəribovanın şikayəti ilə bağlı konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələri H.İsgəndərovun, R.Əkbərovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, F.Əliyevanın K.Hüseynova qarşı mənzildən çıxarma və yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 16 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I.29-cu maddəsinin I, II, III, 60-cı maddəsinin I hissələrinə və Mülki-Prosessual Məcəllənin 416-cı, 417-ci və 418.4.6-cı maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab edilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarındakı hüquqi mövqe əsas götürülməklə həmin mülki işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.