Kopenhagendə Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib
Kopenhagen, 2 mart, Rauf Əliyev AZƏRTAC
Kopenhagendə yerləşən Türk Mədəniyyət Mərkəzində Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib.
Şimali Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının iştirakı ilə keçirilən anım mərasiminə bu ölkədə yaşayan azərbaycanlı, türk, türkmən diasporlarının fəalları da qatılıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
26 il əvvəl Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə söz açan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi bu hadisələrin tarixindən, baş verən cinayətin siyasi motivlərindən danışıb. Səfər Sadiqi həmin gecə insan qanına susamış erməni silahlılarının 613 nəfəri insanlığa sığmayan şəkildə, amansızlıqla qətlə yetirdiyini bildirərək, bu qətliamın bir çox ekspert, dünya ölkələri, habelə siyasi və qeyri-hökumət təşkilatları tərəfindən soyqırımı kimi qəbul olunduğunu qeyd edib.
Vətən Cəmiyyətinin sədri erməni millətçilərinin həyata keçirdiyi bu qətliamın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, xaricdə yaşayan hər bir azərbaycanlının bu hadisələr haqqında ictimaiyyətə daha çox məlumat verməli olduğunu bildirib, dünya birliyinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməsinin vacibliyini diqqətə çatdırıb.
Dağlıq Qarabağda baş verən hadisələrə daha böyük diqqət ayrılmasına ehtiyac duyulduğunu, Xocalı kimi cinayətlərin təkrarlanmaması üçün birgə amal uğrunda çalışmağın vacibliyini vurğulayan Səfər Sadiqi dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi çətinliklərə göz yummasının yolverilməz olduğunu qeyd edib.
Sonra çıxış edən Vətən Cəmiyyətinin sədr müavini Zaur Qubatov Xocalı şəhərində baş verən hadisələrə və Dağlıq Qarabağ münaqişəsinə tarixi prizmadan nəzər salıb, erməni millətçilərinin xalqımıza qarşı tarixboyu yürütdüyü etnik təmizləmə, soyqırımı və müharibələr barədə məlumat verib.
Anım mərasimində Xocalı həqiqətlərindən bəhs edən sənədli film təqdim olunub. Sonda şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen