Koreya Respublikasında Xocalı faciəsinin qurbanlarının xatirəsi anılmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən Yonsei Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının, diplomatik korpusun, Mannam Könüllülər Assosiasiyası qeyri-hökumət təşkilatının, “Multicultural” muzeyinin nümayəndələri və universitetin professorları iştirak etmişlər.
Tədbiri açan ölkəmizin Koreyadakı səfiri Rövşən Cəmşidov və səfirliyin ikinci katibi Fərrux Cumayev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişlər.
Sonra tədbir iştirakçıları “Dua” filmini izləmiş, “Xocalıya ədalət” adlı rep üslublu mahnını dinləmiş və Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Tədbirdə, həmçinin Xocalıda törədilmiş qətliamın insanlığa qarşı cinayət kimi qəbul edilməsinə dair dünya ictimaiyyətinə ünvanlanmış müraciət Azərbaycan və Koreya Respublikası ilə yanaşı, 20 ölkədən - Türkiyə, ABŞ, Meksika, Paraqvay, Fransa, Almaniya, Hollandiya, İsveçrə, Norveç, Ukrayna, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Sudan, Çin, Yaponiya, Malayziya, Filippin, Myanma İttifaqı Respublikası və Yeni Zelandiyadan olan tədbir iştirakçıları tərəfindən imzalanmışdır.
Sonda tədbir iştirakçılarına üzərində Xocalı faciəsi əks olunmuş köynəklər, qətliam ilə bağlı broşürlər, kitablar, jurnallar, cib dəftərçələri və qələmlər təqdim olunmuşdur.