Körfəz ölkələrindən Avropaya internet trafiki İraq üzərindən çatdırılacaq
Qahirə, 10 sentyabr, AZƏRTAC
Körfəz ölkələrindən Avropaya internet trafiki İraq üzərindən ötürüləcək. Bu barədə Qətərin “Ooredoo” şirkəti ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, İraqın rabitə naziri Mustafa Sənd İraq Xəbər Agentliyinə (INA) açıqlamasında müqavilənin ölkənin internet infrastrukturu üçün yeni imkanlar yaradacağını, İraqın regionda internetin təhlükəsiz və sürətli tranzit marşrutuna çevrilməsinə töhfə verəcəyini deyib.
Mustafa Sənd qeyd edib ki, “Ooredoo” dünyanın aparıcı internet şirkətlərindən biridir və onun kabel infrastrukturunun İraq ərazisindən keçməsi ölkənin beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək. Onun sözlərinə görə, İraq regionda internet trafikinin Avropaya çatdırılması üçün ən qısa marşrut kimi seçilib.
Nazir bildirib ki, internet kabel infrastrukturu yeraltı olduğundan hava şəraitindən və regiondakı münaqişələrdən asılı deyil. Kabelin Fao və Rəbia bölgələrində çıxış nöqtələrinin yaradılması nəzərdə tutulur.
Vurğulanıb ki, layihənin icrasına artıq başlanılıb və kabelin birləşdirilməsi təxminən 3-4 ay çəkəcək.
Qeyd olunub ki, Qətərin “Ooredoo” və JPI şirkətləri ilə yanaşı, Küveyt şirkətləri və Səudiyyə Ərəbistanının STC şirkəti ilə də internet infrastrukturunun inkişafı istiqamətində əməkdaşlıq üzrə müvafiq razılaşmaların imzalanması nəzərdə tutulur.