“KREDİT İTTİFAQLARININ SOSİAL VƏ İQTİSADİ EFFEKTİVLİYİ” MÖVZUSUNDA KONFRANS
Kredit ittifaqlarının Azərbaycanın iqtisadi və sosial həyatında rolunu müzakirə etmək məqsədi daşıyan konfrans, ABŞ beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi və ACDİ/VOCA-nın həyata keçiridyi “Maliyyə sektorunun inkişafı vasitəsilə kiçik və orta sahibkarlığa dəstək” layihəsinin və digər donorların dəstəyi ilə təşkil olunmuşdu.
Konfransın açılışında çıxış edən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Nazirlər Kabinetinin qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov tədbirin əhəmiyyətini vurğulamış, bölgələrin sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli baxımından kredit ittifaqlarının müsbət rolunu qeyd etmişlər.
Natiqlər Azərbaycan hökumətinin kredit ittifaqlarının fəaliyyətinin yaxşılaşdırılması üçün hər cür yardım göstərməyə hazır olduğunu diqqətə çatdırmışlar.
Tədbirdə “Azərbaycanda kredit ittifaqı hərəkatı”, “Kiçik və orta sahibkarlığın inkişafında kredit ittifaqlarının rolu” və s. mövzularda məruzələr dinlənilmişdir.
Fasilədən sonra kənd təsərrüfatında, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələrdə kredit ittifaqlarının iştirakına, habelə Dünya Bankının, Asiya İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Almaniya-Azərbaycan Fondunun ölkəmizdə bu sahənin inkişafına verə biləcəkləri töhfələrə, AKİA-nın fəaliyyət planlarına, qanunvericilik və mütərəqqi beynəlxalq təcrübə mübadiləsinə dair müzakirələr aparılmışdır.