KREDİT SAZİŞİ İMZALANMIŞDIR
Sazişi Azərbaycan Hökuməti adından nəqliyyat naziri Ziya Məmmədov, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfdən isə bu maliyyə qurumunun Azərbaycan nümayəndəliyinin başçısı Reymond Konvey imzalamışlar. Bakı-Ələt-Yevlax- Qırmızı Körpü yolu ilə bağlı bu yeni kredit sazişinə əsasən Bakıdan Gürcüstan sərhəddinədək yolun 115 kilometri birinci, qalan hissəsi isə ikinci texniki dərəcəli olacaq və 2006-2007-ci illərədək bərpa ediləcəkdir.
İmzalanma mərasimindən sonra nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Böyük İpək Yolunun bərpası istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə aparılan danışıqlar uğurla nəticələnmişdir. On beş il müddətinə ayrılan növbəti kreditin miqdarı 41 milyon dollar məbləğindədır. 85 kilometr uzunluğunda olan bu magistralda Hacıqabul-Kürdəmir dairəvi yollarının tikintisi və bərpası da nəzərdə tutulmuşdur. Bütün işlər Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamenti tərəfindən həyata keçiriləcəkdir.
Qeyd olunmuşdur ki, yolun Kürdəmir-Ucar, Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədinədək olan hissələrinin çəkilişi ilə bağlı danışıqlar aparılır. 2007-ci ilədək bu yola, bütövlükdə, 250 milyon dollar sərmayə qoyuluşu planlaşdırılmışdır.